Card image cap

ADNSU-da universitetin 100 illiyi çərçivəsində keçiriləcək konfransla bağlı işçi görüş olub

Fevralın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) dövlət qurumları və şirkət nümayəndələrinin iştirakı ilə işçi görüş keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında dövlət başçısının 06 fevral 2020 il tarixli Sərəncamını rəhbər tutaraq ADNSU-nun təşkilatçılığı ilə cari ilin oktyabrında (15-16 oktyabr tarixilərində) universitetin 100 illik yubileyinə həsr olunmuş “Kimya mühəndisliyinin aktual problemlərimövzusunda Beynəlxalq elmi-texniki konfransa hazırlıq məsələləri müzakirə olunub.

Tədbirdə ADNSU-nun KTF-in “Üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası kafedrasının müdiri, professor Fariz Əmirov çıxış edərək konfrans haqqında iştirakçılara məlumat verib. Bildirib ki, konfransın əsas məqsədi yerli və xarici elm, təhsil və sənaye nümayəndələrinin ünsiyyət qurması, təcrübə mübadiləsinin aparılması, yeni əlaqələrin müəyyən edilməsi və köhnə əlaqələrin möhkəmləndirilməsi, həmçinin kimya mühəndisliyinin inkişafının müasir mərhələsində ən perspektivli elmi istiqamətlərinin işıqlandırmasıdır. Konfransın elmi proqramında üç dildə (Azərbaycan, rus və ingilis) plenar, şifahi və stend məruzələrinin dinlənilməsi planlaşdırılır. Konfransla bağlı yaradılan təşkilat komitəsinin sədri olaraq professor Fariz Əmirov çıxış zamanı iştirakçıların diqqətinə çatdırıb ki, konfransada yerli təşkilat və dövlət qurumlarının nümayəndələri, alimlərlə yanaşı, dünyanın 50-ə yaxın ölkəsindən çoxsaylı alimlər də iştirak edəcək.  İşçi görüşün keçirilməsində də əsas məqsəd konfransa hazırlığın daha da yüksək səviyyədə keçirilməsi, onun elm tutumlu, əhəmiyyətli təşkilinin təmin olunmasıdır.

Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, KTF-nin dekanı, professor Sevinc Məmmədxanova və digər iştirakçılar da çıxış edərək konfransın əhəmiyyətindən danışıblar və belə bir tədbirin ADNSU-nun 100 illiyi ərəfəsində keçirilməsinin önəmli olduğunu vurğulayıblar.

Qarşılıqlı müzakirə şəraitində keçirilən tədbirdə qonaqlar da təklif və fikirlərini bildirblər. Onlar ADNSU-nun, onun yetişdirdiyi mütəxəssislərin ölkəmizdə neft strategiyasının inkişafındakı rolundan bəhs edərək cari ilin oktyabrında keçiriləcək konfransda yaxından iştirak edəcəklərini və lazımi dəstək verəcəklərini bildiriblər.