Card image cap

ADNSU-da təhsil haqqı xərcləri dövlət tərəfindən ödəniləcək tələbələrin siyahısı hazırlanır, “qaynar xətt” istifadəyə verilib

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Azərbaycan Respublikasının Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dair Qərarının icra olunması ilə əlaqədar “qaynar xətt” yaradılıb. Nazirlər Kabinetinin qərarı ilə tanış olduqdan və göstərilən kateqoriyaya uyğun olduqları qənaətində olan tələbələr və onların valideynlərindən ADNSU-nun Tədris-Metodiki Şöbəsinin tms@asoiu.edu.az elektron ünvanına sosial baxımdan həssas əhai qrupuna aid edilən ailə olduqlarını təsdiqləyən sənədləri göndərməkləri xahiş olnur. 

Xatırladaq ki, Qərara əsasən, Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:

ünvanlı dövlət sosial yardımı alanlar;

hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:

- I və II dərəcə əlilliyi olan şəxslər;

- işsiz kimi qeydiyyatda olanlar;

- yaşa görə əmək pensiyaçıları;

- yaşa görə sosial müavinət alanlar.

Qeyd edək ki, Nazirlər Kabinetinin Qərarı 2020-ci təqvim ilini (2019/2020-ci tədris ilinin II semestri və 2020/2021-ci tədris ilinin I semestri) əhatə edir. ADNSU-da qeyd olunan kateqoriyaya aid olan və təhsil haqqını artıq ödəmiş tələbələrə ödədikləri məbləğin geri qaytarılması ilə əlaqədar tələbələrin siyahısının hazırlanmasına da başlanıb.