Card image cap

ADNSU-da imtahanların hamısı onlayn şifahi formatda keçiriləcək – Rektor Mustafa Babanlı

2019-2020-ci tədris ilinin yay imtahan sessiyasının təşkili ilə bağlı çoxsaylı sualları mayın 7-də onlayn “Açıq qapı” vasitəsilə təqribən 3 saat ərzində cavablandıran  ADNSU-nun rektoru, professor Mustafa Babanlı qısa blis-müsahibə vasitəsilə tələbələri ən çox maraqlandıran məsələrə bir daha aydınlıq gətirib. Müsahibədə imtahanların təşkili, vaxtı, tələbələrin biliklərinin qiymətləndirilməsi meyarları, buraxılış işləri və magistr dissertasiyalarının müdafiəsi ilə yanaşı, ADNSU-da magistratura və doktoranturaya, eləcə də ikinci ali təhsilə qəbul, sosial baxımdan həssas əhali kateqoriyasına aid ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət büdcəsi hesabına ödənilməsi və digər məsələlər aydınlıq gətirilib. 

Qarşıdan gələn semestr imtahanları hansı formatda və nə zaman keçiriləcək?

- Bu günə olan nəticə budur ki, əgər karantin qaydaları ilə bağlı yumşalma olmasa, imtahanların hamısı onlayn şifahi formatda keçiriləcək. Semestr imtahanları zaman baxımından əvvəlki qaydada keçiriləcək. Ümumilkdə imtahan sessiyasına iyun ayının əvvəlindən başlamağı planlaşdırırıq. Cədvəllər artıq may ayının 20-ə hazır olacaq və tələbələrin diqətinə çatdırılacaq. Ola bilsin ki, imtahan sessiyası adi sessiya dövründən uzun çəksin.

Tələbələrin biliyi hansı meyarlar əsasında qiymətləndiriləcək, tələbələrə güzəştlər olacaqmı?

- Bildiyiniz kimi, ADNSU unibook sisteminə malikdir. Tələbələrimiz həmişə olduğu kimi, semestrin əvvəlindən bütün materialları alıblar. Bizim tələbələrə güzəştimiz ondan ibarət olacaq ki, onlara əvvəlki illərdən fərqli olaraq passiv sillabusdan suallar düşməyəcək. Yalnız unibookda olan aktiv sillabusa daxil olan materiallar olacaq. Bu da uyğun materialların təxminən, 55 faizidir. Sualların hamısı orta və yüngül dərəcəli suallar olacaq. Tələbənin cavablandırdığı hər sual üzrə müəllim həmin cavaba uyğun ən azı bir sual verərək tələbənin sual üzrə biliyi nə qədər mənimsədiyini müəyyənləşdirəcək. Ümumilikdə imtahan balı tələbənin imtahanqabağı aktivliyi və imtahanda verdiyi cavab əsasında formalaşacaq. Bu nisbət 30%//70% kimi götürülüb. 30% -  aktivlikdən, təqdimatdan, 70% isə  imtahanda verdiyi cavabdan  formalaşacaq. Orada da hər bir suala 1,4 əmsalla baxılacaq, yəni əvvəl tələbə 10 bal ala bilirdisə, indi həmin sualdan 14 bal ala biləcək.

Müəllim tələbənin semestr ərzində qazandığı biliyini 100 ballıq şkala üzrə 85 bal qiymətləndirirsə, biz onu olduğu kimi qəbul edəcəyik.  Amma tələbə düşünməsin ki, müəllimin imtahan prosesi nəzarətdən kənarda qalacaq. Müəllimlərin imtahan prosesi komissiya şəkilində izləniləcək, video formatda çəkiləcək, hər bir tələbənin cavabları dinləniləcək.

 

İmtahan üçün ümumilikdə nə qədər vaxt ayrılacaq?

- Onlayn imtahanlar qrup şəklində olacaq. Hər qrup 6 nəfərdən ibarət alt qruplara bölünəcək. Aktiv rejimdə eyni zamanda  maksimum 6 tələbə və müəllimin iştirakı ilə imtahan keçiriləcək. Buna təxminən, 1 saata qədər vaxt sərf olunacaq. Daha sonra 5 dəqiqəlik fasilədən sonra 6 tələbədən ibarət ikinci alt qrupla imtahan prosesi başlayacaq. Tələbələr onlayn rejimdə bileti çəkəcəklər, onların biletlərindəki suallarını tələbələr də, müəllimlər də eyni vaxtda görəcəklər və bu biletlərdəki suallar kompüter vasitəsi ilə həmin dəqiqə müəyyən olunacaq. Tələbələrin hər birinə hazırlaşmaq üçün 15-20 dəqiqə vaxt veriləcək, lakin arzu edən olarsa bileti çəkdikdən sonra birbaşa cavab vermək də mümkündür.

5.Tələbələrin onlayn dərslərdə iştirakı, təqdimatların verilməsi onlayn imtahan zamanı qiymətləndirmədə nə kimi rol oynayacaq?

- Əgər tələbə təqdimatla çıxış edibsə, o  buna görə 20 bala qədər bal toplaya bilər. Tələbə dərslərdə aktiv iştirak edibsə, 10 bal da bundan qazana bilər. Əgər tələbə əvvəlki onlayn dərslərdə iştirak edə bilməyib, lakin indi qoşulursa, müəllim onun qiymətləndirilməsini həyata keçirir. Yəni mayın 15-ə qədər onların ixtiyarları var ki, qoşulsunlar, qiymətləndimədə iştirak etsinlər. Ancaq bu ümumi semestr qiymətləndirilməsi zamanı olmasa onda müəllim artıq  təqdimatları qəbul  edəcək,  onlar bu qiymətləndirmədə 10 baldan məhrum olacaqlar. İkinci bir tərəfdən müəllimin tələbəni qiymətləndirməsi tam sərbəstdir. Əgər müəllim imtahan zamanı tələbənin cavabından məmnun qalırsa, əlavə suallarla onun biliyini yoxlayıb ona 100 ballıq sistem üzrə 100 bal da yaza bilər.

İstehsalat təcrübəsi ilə bağlı hesabata ehtiyac varmı?

-İstehsalat təcrübəsindən yekun hesabata ehtiyac yoxdur və istehsalat təcrübəsi üzrə nəticələr həmin tələbənin istehsalat təcrübəsinin hansı müəssisədə keçməsindən asılı olaraq mütəxəssisin rəyinə uyğun qiymətləndiriləcək.

Alt qrup, fərdi qrup və ya 25 faizlə ödənişlə bağlı imtahanlar necə keçəcək?

-Bu semestrə kim necə başlamışdısa, hamısından onlayn rejimdə, eyni qaydada imtahan götürüləcək. Alt qrup və ya fərdi quruplarla bağlı proses gedir. Digər imtahanlar necə götürülürsə, alt quruplara yazılmış tələbələrdən də eyni imtahan götürüləcək. Əgər fərdi qurupdusa, onlar ödənişlərini ediblər, müəllim eyni sistemlə onlardan imtahan götürəcək. Biz sistemdə - unibookda hamısı üçün materialları vermişik. 25 faizlə ödənişlilərə gəldikdə, bu borclar əvvəlki semestrlərin borcu olduğuna görə məlum 25 faizlə həyata keçirilib. Bu semestrdən kəsrləri olanlara gələcəkdə də güzəştlər olcaq. Ancaq 25 faiz əvvəlki illərdən qaldığına, əvvəkli borclar olduğuna görə o qüvvəsində qalır. Həmin imtahanlar da indiki kimi onlayın, şifahi keçiriləcək.  

Buraxılış işləri necə qiymətləndiriləcək və son təqdim olunma tarixi nə zamandır?

-Tələbələrimizin buraxılış işi yazıb-yazmamasından asılı olaraq hamıya yanaşmamız eynidir. Sadəcə olaraq dövlət imtahanı verəcək tələbələrin orta müvəffəqiyyət göstəriciləri hesablanıb, hamısı artıq bunu bilir. Həmin qiymət onlar üçün yekun attestasiya kimi qeyd olunacaq. Əgər tələbə bununla razılaşmasa, onun üçün imtahan təşkil olunacaq.

Buraxılış işləri antiplagiatla yoxlanılacaq. Təsdiq olunduqdan sonra orada plagiat yoxdur, biz həmin buraxılış işini elektron variantda qəbul edəcəyik. Yəni, ilk dəfə olaraq tələbələri nəzərə alaraq elektron variantda buraxılış işini heç bir müdafiəsiz qəbul edilmiş hesab edəcəyik və tələbəyə yenə ümumi orta müvəffəqiyyət göstəricisini təklif edəcəyik.  Əgər tələbə etiraz etsə ki, mən bununla razı deyiləm, daha yüksək bal üçün mübarizə aparmaq istəyirəm, həmin tələbə üçün uyğun vaxtda müdafiəni təşkil edəcəyik.

Buraxılış işlərinin təqdim olunması tarixi yoxdu, amma yaxşı olar ki, iyun ayının ortalarına, 20-ə qədər təqdim olunsun ki, biz bunu çatdırıb iyul ayının ortalarına qədər yekunlaşdıraq.

Magistrlərin buraxılış işləri və imtahanları necə olacaq?

-Magistratura fərqli bir pillədir və faktiki olaraq elmi dərəcənin birinci pilləsidir. Ona görə də magistraturada dissertasiya işlərinin müdafiəsi mütləqdir. Biz tələbələrə müxtəlif variantlar təklif edəcəyik. Magistratura dissertasiyalarının müdafiəsi üçün müvəqqəti Elmi Şuralar yaradılır. Ona görə də həmin müdafiə şuraları onlayn rejimdə təqdim olunacaq. Mövcud vəziyyətdən və ekspertlərin hazırlığından asılı olaraq  iyun ayının ortalarından başlayaraq biz bütün işlərin müdafiəsini təşkil edəcəyik. Ondan sonra ekspertlər müşavirə keçirəcəklər, hər bir tələbəni ayrı-ayrı qiymətləndirəcəklər, yekun attestasiya tələbələrin diqqətinə çatdırılacaq.

Magistratura, doktorantura və ikinci ali təhsil üçün ADNSU-ya qəbul necə həyata keçiriləcək?

- İkinci ali təhsil üçün qəbul əvvəl necə idisə, ümumi qaydada yenə elə olacaq. İkinci təhsillə bağlı ilboyu bizə müraciət etmək mümkündür. Sadəcə tədrisə uyğun olaraq biz onların müsahibəsini keçiririk. 52 nəfər Dövlət İmtahan Mərkəzinin imtahanlarından keçən doktoranlarımızın hamısını bu təhsil piləsinə qəbul etdik. Fürsətdən istifadə edərək bir daha Təhsil nazirinə təşəkkür etmək istəyirəm ki, müraciətimizi nəzərə alıb bəzi ixtisaslarda müsabiqə şərtləri ödənilməyən boş yerlərin digər ixtisaslara paylanılmasını təmin etdi. Növbəti il üçün doktaranturaya qəbulu Təhsil Nazirliyi ilə razılaşdırıb ümumi qaydada ölkə səviyyəsində nə zaman olacaqsa, biz də o zaman prosesə qoşulacağıq.

Magistraturaya qəbula gəldikdə, Dövlət İmtahan Mərkəzi qeydiyyatı nə zaman aparacaqsa, biz də ona uyğun yerləşdirilmiş tələbələrin siyahısını gözləyəcəyik. Ona qədər bizim yalnız Azərbaycan-Fransız Universitetinə (UFAZ) imtahan keçirmək prosesimiz var. Bu imtahanların da təşkil olunması fransız tərəfdaşlarla birlikdə müəyyən olunub. UFAZ-a magistraturaya qəbul olmaq üçün 80 yerə 140 nəfər sənəd verib. Onlardan 50-si UFAZ-ın məzunlarıdır. Digər 80 nəfər ayrı-ayrı ali məktəblərin, o cümlədən ADNSU-nun məzunlarıdır. UFAZ-a magistraturaya qəbul imtahanlarını iyunun 8-də keçirəcəyik.

MBA, ZU, BA proqramları üzrə təhsil alan tələbələrin imtahan və müdafiələri necə olacaq?

-Bütün universitetdə yanaşma tərzi eynidir və imtahanlar eyni qaydada keçiriləcək. Sadəcə bu proses MBA, ZU, BA proqramları üzrə təhsil alan tələbələr üçün onların proqramlarına uyğun təşkil olunacaq.

Sosial baxımdan həssas ailələrdən olan tələbələrin təhsil haqlarının dövlət hesabına ödənilməsi prosesi necə həyata keçiriləcək?

-Bu təkcə universitetin işi deyil. Ümumi məlumat bazası var, orada hər bir tələbə, onun valideyni haqqında kifayət qədər məlumatlar var və etibarlı mənbədir. Orada emal olunmuş və bizə təqdim olunmuş sənədlər əsasında həmin məlumatları müvafiq nazirliklərlə razılaşdırdıqdan sonra siyahı təsdiqini tapır. Buna əsasən siyahıya tələbənin adı salınır və bu məsələ yekunlaşır. Xüsusi vurğulamaq istəyirəm ki, dövlət tərəfindən təsdiq olunmuş sənədə əsasən dövlət müəyyən olunmuş kateqoriyaya aid tələbələrin təhsil haqqını bu semestr üçün qarışlayır. Bu semestr həmin siyahıya düşən tələbələrdən kimsə təhsil haqqını ödəyibsə, həmin vəsait tələbənin özünə qaytarılacaq. Adları təsdiq olunan tələbələrdən kimsə ödəməyibsə, biz onlardan təhsil haqqı tələb etmirik. Yəni burada söhbət bir illik təhsil haqqından və ya başqa müddətdən getmir, konkret olaraq hazırkı semestrə şamil olunur. Hələ gələn semestr qəbul necə aparılacaq, nə qədər tələbə ödənişli oxuyacaq bəlli deyil. Ona görə də tələbələrimiz yalnız rəsmi məlumatlara əsaslansınlar və onların adları təsdiq olunubsa narahat olmasınlar, bütün proseslərdə rahat iştirak etsinlər.

Tələbələrə hansı tövsiyələri vermək istərdiniz?

-Mənim ən böyük xahişim tələbələrin birinci növbədə özlərini, yaxınlarını, əzizlərini qorumaları ilə bağlıdır. Əlbəttə, sağlamlıq birinci məsələdir. Dövlət başçısı da hər dəfə vurğulayır ki, vətəndaşlarımızın sağlamlığı hər bir şeydən üstündür. Biz də mövcud vəziyyətlə bağlı çalışırıq elə bir şərait yaradaq ki, tələbələr təhsildən qalmasınlar. Elə də ola bilər ki, tələbə bu ilin materialını yekunlaşdırmaqdan imtina edir, imtahanlara qoşulmaq istəmir. Belə tələbələrə də anlayışla yanaşacağıq. Onlar üçün sentyabr ayının əvvəllərində heç bir ödəniş olmadan məsləhət saatları və imtahan prosesi təşkil olunacaq. Lakin həmin tələbələr təqaüd proqramından kənarda qalacaqlar.

Yaxşı olardı ki, tələbələrimiz onlayn dərslərdən maksimum yararlanmağa çalışsınlar, müəllimlərlə əlaqə saxlasınlar, əlavə qoşulmalar, əlavə məsləhət saatları lazımdırsa, bunların hamısını biz təmin edcəyik. Biz imtahan prosesinə mövcud şəraitə uyğun yanaşacağıq, bu prosesin obyektiv və şəffaf keçirilməsini təmin edəcəyik.