Card image cap

ADNSU-da məzun şəhidimizin valideyni ilə görüş keçirilib

Yanvarın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetin məzunu, Vətən müharibəsi şəhidi Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova ilə görüşüb.

Universitet rəhbərliyi və şəhid tələbəmiz Əlihüseyn Məmmədovun müəllimlərinin də iştirak etdiyi görüşdə şəhidimizin tələbəlik həyatından, döyüş yolundan və qəhrəmanlığından bəhs olunub.  

Görüşdə professor Mustafa Babanlı sentyabrın 27-dən Ermənistanın hərbi təxribatına qarşı başlanan və 44 gün davam edən müharibədə qazandığımız zəfərin əvəzsiz hadisə olduğunu diqqətə çatdırıb. Bildirib ki, işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə ADNSU-nun tələbə və məzunları, həmçinin universitetin əməkdaşları da iştirak edib.

Əlihüseyn Məmmədovun da Vətən müharibəsində fəal iştirak etdiyini və şəhidlik zirvəsinə ucaldığını deyən rektor Mustafa Babanlı bütün şəhidlərimizə Allahdan rəhəmət diləyib, onarın hər zaman qəlbimizdə yaşayacağını, yeniyetmə və gənclərimizə nümunə olacağını bildirib. O, əlavə edib ki, Əlihüseyn Məmmədov kimi igidlərimizin xatirəsi dövlətimiz və universitet tərəfindən hər zaman əziz tutulacaq, onların valideynləri və ailələri diqqət və qayğı ilə əhatə olunacaq.

Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova oğlu ilə fəxr etdiyini deyib və nə qədər ağır olsa da, övladının Vətən uğurunda canından keçməsinin onun üçün ən böyük təsəlli olduğunu vurğulayıb. O, igid oğlu haqqında xatirələrini bölüşdükdən sonra göstərdiyi diqqətə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, Əlihüseyn Məmmədov 2016-cı ildə ADNSU-nun Energetika fakültəsinin İstilik energetikası mühəndisliyi ixtisasına daxil olub və 2020-ci ildə universiteti bitirərək həqiqi hərbi xidmətə yollanıb.

Vətən müharibəsi başlayanda o da bir əsgər kimi silaha sarılıb Vətən müharibəsində fəal iştirak edib. O, 2020-ci il oktyabrın 9-da Füzuli-Cəbrayıl- Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Bu igidliyinə görə Əlihüseyn Məmmədov dövlət başçısının sərəncamı ilə "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.