Card image cap

ADNSU-da “Energy Crisis and Cybersecurity” mövzusunda tədbir keçirilib

Dekabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) universitetin tərəfdaşı olduğu “HORIZON 2020” çərçivəsində ELECTRON layihəsinin və digər bu kimi layihələrin Azərbaycanda təşviqatı ilə bağlı “Energy Crisis and Cybersecurity” mövzusunda tədbir keçirilib.

Tədbirdə Avropa Komissiyasının təhsil və tədqiqat, enerji və kibertəhlükəsizlik istiqamətində nümayəndələri, bu istiqamətdə Avropanın nüfuzlu təşkilatları, o cümlədən HORİZON proqramının kibertəhlükəsizlik və təhlükəsiz enerji təsnifatına aid olan layihələrinin rəhbərləri, enerji provayderləri, kibertəhlükəsizlik təşkilatlarının nümayəndələri onlayn və oflayn şəkildə iştirak ediblər.

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev, “Prosol” şirkətinin İdarə Heyətinin sədri və həmtəsisçisi Babək Ağayev, həmçinin Yunanıstanın İnkişaf və İnvestisiyalar üzrə nazirinin müavini Christos Dimas onlayn və oflayn formatda çıxış ediblər. Çıxışlarda müasir dövrdə kibertəhlükəsizlik, süni intellektə əsaslanan təhlükəsizlik sisteminin qurulması həmçinin ekoloji və enerji təhlükəsizliyi kimi qlobal əhəmiyyət daşıyan məsələlərə toxunulub, yeni metodların tətbiqi, alternativ enerji mənbələrinin istifadəsi, dayanıqlılığının artırılması və yeni hədəflərin müəyyən olunmasından danışıılıb.

Tədbir plenar iclaslarla davam edib. İclaslarda Avropa Komissiyası nümayəndələrinin Avropada enerji krizisi istiqamətində çıxışları dinlənilib, Avropa və Azərbaycanın enerji provayderlərinin panel müzakirələri, həmçinin HORIZON 2020 proqramında iştirak edən uyğun istiqamətlərdə layihələrin təqdimatı, onların enerji provayderlərində informasiya təhlükəsizliyi istiqamətində həllər nümayiş olunub.

Bundan başqa tədbir çərçivəsində enerji provayderlərindən birinin sponsorluğu ilə “Secure Energy” Hackathonu keçiriləcək. 

Qeyd edək ki, sözügedən Hackathon Azərbaycan və Avropada enerji provayderlərinin kibertəhlükəsizliyi, smart texnologiyaların tətbiqi ilə enerji şəbəkələrinin idarə olunmasının təkmilləşdirilməsi istiqamətində problemlərin həllinə yönələcək. İştirakçı komandalara həllərinin hazırlanmasında Avropa və Azərbaycandan olan mentorlar dəstək göstərəcəklər.