Card image cap

ADNSU-da tələbələrin qeydiyyatı başlanılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)  bu il ali məktəbə qəbul olunmuş tələbələrin qeydiyyata alınması başlanıb.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı 2019-2020-ci tədris ilində universitetə qəbul olunmuş tələbələrin qeydiyyatının aparılması və sənədlərinin qəbul edilməsi haqqında əmr imzalayıb. Ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş tələbələrin qeydiyyatının mövcud qaydalara uyğun təşkili və keçirilməsi məqsədilə universitetin 7 fakültəsinin dekanlarından, ZU və BA proqramlarının nümayəndlərindən ibarət sənəd qəbulu komissiyası yaradılıb. Komissiyanın sədri ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədovdur.

Komissiya universitetə qəbul olunmuş I tədris ili tələbələrinin qanun çərçivəsində qeydiyyata alınmalarını və sənədləşmənin düzgün aparılmasını təşkil edir və prosesə nəzarət edir. ADNSU-nun əsas binasında həftənin 6 günü (yalnız bazar günü istisna olmaqla) saat 9-dan 17-dək aparılan qeydiyyat prosesi avqustun 27-ə qədər davam edəcək. Qeydiyyat zamanı növbəlilik prinsipinin, qayda-qanun və nizam-intizamın qorunması ilə yanaşı, tələbələr arasında imzalanan ikitərəfli müqavilənin məzmun və mahiyyəti, şərtləri onlara aydın izah edilir.

Qeyd edək ki, Təhsil Nazirliyinin kollegiyasının məlum qərarına əsasən, ödənişli əsaslarla universitetə qəbul olunan, lakin maddi cəhətdən imkansız tələbələrə təhsil haqlarını yarımillik üzrə ödəmək üçün lazımi şərait yaradılıb.