Card image cap

ADNSU-da F.Salmanovun xatirəsinə həsr olunan mediaekspedisiya iştirakçıları üçün mühazirə keçirilib

Oktyabrın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fərman Salmanovun xatirəsinə həsr olunmuş “Neftin yolu” adlı mediaekspedisiya layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Rusiya nümayəndə heyəti üçün mühazirə keçirilib.

Mühazirədə çıxış edən SOCAR-ın Neft-Qaz Elmi Tədqiqat Layihə İnstitunun direktor müvini, geologiya-mineralogiya elmləri doktoru Əhməd Salmanov əmisi Fərman Salmanovun xatirəsinə göstərilən diqqət və dərin ehtirama görə təşəkkürünü bildirib. F.Salmanovun həyat və fəaliyyətinin gənc nəsilə örnək kimi tanıdılmasının mühüm əhəmiyyət kəsb etdiyini deyən Ə.Salmanov F.Salmanov haqqında xatirələrini bölüşüb, onun Qərbi Sibirdə neft yataqlarının kəşfində qarşılaşdığı çətinliklərdən və eləcə də göstərdiyi xidmətlərdən söz açıb. 

Yuqra Dövlət Universitetinin (YDU) rektoru Karminskaya Tatyana Dmitriyevna  ADNSU ilə birgə F.Salmanovun xatirəsinin əbədiləşdirilməsi üzrə həyata keçirilən layihələrdən danışıb və Sibirdə neft sənayesinin inkişafında F.Salmanovun əvəzsiz xidmətlərinin olduğunu bildirib. T.Karminskaya çıxışında həmçinin ADNSU ilə birgə elm, tədris və inkişafa xidmət edən, eləcə də tələbə mübadiləsi üzrə bir sıra yeni layihələrin nəzərdə tutulduğunu bildirib.

Azİİ-də (indiki ADNSU) F.Salmanov kimi mütəxəssislər yetişdirən ali təhsil ocağında olmaqdan məmnun olduğunu deyən Xanti-Mansi Muxtar Dairəsinin Duma sədrinin müavini Salnikov Aleksandr İvanoviç çıxışında F.Salmanovun kəşflərinin əhəmiyyətindən danışaraq onun məşhur “Mən neft tapmışam. Bax belə” ifadəsinin o zaman üçün nə qədər mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

ADNSU-nun “Neft-qaz mühəndisliyi” kafedrasının müdiri, professor Tulparxan Salavatov da çıxışında F.Salmanovla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşərək qeyd edib ki, bütün həyatını neft-qaz yataqlarının işlənməsinə həsr etmiş F.Salmanovun adı dünya neft tarixində Qərbi Sibirin zəngin neft sərvətlərini ilk kəşf edən alimlərdən biri kimi qalıb.

Mediaekspedisiya iştirakçısı Yuqra Dövlət Universitetinin tələbəsi Polevşikova Yuliya sentyabrın 16-da Rusiyanın Xantı-Mansi vilayətindən start götürən media tur haqqında təəsüratlarını bölüşüb və media tur çərçivəsində ziyarət etdikləri yerlər haqqında ətraflı məlumat verib.

Daha sonra ADNSU-nun  elm və texnika işləri üzrə prorektoru, professor Rauf Əliyarov, YDU-nun rektoru Tatyana Karminskaya və digər iştirakçıları xatirə kitabına ürək sözlərini yazıblar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.