Mübadilə proqramları

Erasmus+ mübadilə programı


Erasmus+ mübadilə proqramı Erasmus+ əməkdaş universitetlər arasında tələbə, akademik və inzibati heyətin mübadiləsini həyata keçirir. Erasmus+ proqramı ilə xarici ölkələrdə təhsil almaqla, tələbələr ünsiyyət və dil bacarıqlarını inkişaf etdirə və gələcək məşğulluqları üçün vacib olan bir sıra bacarıqlara yiyələnə bilərlər. Proqram çərçivəsində bakalavr, magistr pillələrində təhsil alan tələbələr və eləcə də akademik və inzibati heyət mübadilədə iştirak edə bilərlər.

 

Davam etmə müddəti


Mübadilə müddəti 3 aydan (1 semestr) 12 aya (2 semestr) qədər davam edə bilər.

 

Şərtlər


Erasmus+ çərçivəsində təhsili davam etdirmək üçün ali təhsil müəssisəsində ixtisas üzrə uyğunluq gözlənilməklə qeydiyyatdan keçilməlidir. Bunun üçün tələbələr bakalavr pilləsinin II kursunda, III kursun ilk yarımilində və ya magistratura pilləsinin I kursunda təhsil almalıdır. Seçilən təhsil sahəsi tələbənin öz universitetində keçdiyi ixtisas və tədris proqramı ilə əlaqəli olmalı, şəxsi inkişafa yönəlməlidir.

 

Tələbələrin proqram üçün seçilməsi iki mərhələdə aparılır:

 

  1. Elektron müraciət
  2. Müsahibə

 

Elektron müraciət üçün əsasən aşağıdakı sənədlər tələb edilir:

 

- Akademik transkript

- Müraciət edilən proqramın tələb etdiyi dil sertifikatı (IELTS/TOEFL və ya Test Daf və s.)

- CV

- Motivasiya məktubu

- Pasportun surəti

- Qəbul edən universitetdə keçiləcək və ADNSU-da tədris planında nəzərdə tutulan fənlərlə uyğunlaşan fənlər (min. 15 kredit təşkil etməlidir)


Müraciətlər açıq elan olunduğu zaman elanları Universitetin elan lövhələrində, “Elanlar” bölməsində və ya facebooksəhifəmizdən izləyə bilərsiniz.

 

Maddi dəstək


Erasmus+ mübadilə proqramı tərəfindən tələbələrin səyahət və yaşayış xərcləri qarşılanır. Bu xərcləri əhatə edən təqaüd ölkədən, ölkələrarası məsafədən, təqaüdə müraciət edən tələbələrin sayından asılı olaraq dəyişə bilər. Erasmus+ mübadilə tələbələri təhsil aldıqları müddət ərzində təhsil haqqı, qeydiyyat, imtahan, eləcə də laboratoriyalardan və kitabxanadan istifadə etmək xərclərindən azad olur.

 

Necə müraciət etməli

 

Mübadilə proqramına beynəlxalq və ya universitetinizdə fəaliyyət göstərən Erasmus+ ofisi vasitəsi ilə müraciət edə bilərsiniz.

 

ADNSU-da Erasmus+


2015-ci ildən bəri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Erasmus+ Beynəlxalq Kredit Mobilliyi proqramı çərçivəsində müxtəlif xarici universitetlərlə əməkdaşlıq əlaqələrini gücləndirməyə çalışır. Universitet əməkdaşlıq əlaqələrini genişləndirməyi və irəliləyən semestrlərdə tələbələr üçün yüksək səviyyəli təhsilin təqdim olunmasını planlaşdırır. Türkiyənin Orta Doğu Texniki Universiteti (ÖDTÜ), Almaniyanın Zigen Universiteti (University of Siegen), Martin Lüter adına Halle - Vittenberq Universiteti (Halle - Wittenberg University), İspaniyanın Alkala Universiteti (University of Alcala), Fransanın Strasburq Universiteti (University of Strasbourg), İngiltərənin Kil Universiteti (University of Keele) ilə tələbə mübadiləsini həyata keçirir. Universitetlərin hər hansı birinə müraciət etmək istəyənlər Beynəlxalq Əməkdaşlıq Şöbəsinə yaxınlaşa bilər.

 

Proqramda iştirak proseduru

 

Erasmus+ beynəlxalq kredit mobilliyi proqramında iştirak etmək üçün iştirak prosedurunu aşağıdakı keçiddən yükləyə bilərsiniz:

Erasmus+ iştirak proseduru

 

Akademik heyət nümayəndələri üçün Erasmus+

 

Yuxarıda göstərilən Erasmus+ əməkdalıqları çərçivəsində tələbə mübadiləsi ilə yanaşı müəllimlərin də mübadiləsi nəzərdə tutulur. Müəllim mübadiləsi əsasən 5 gün təşkil edir və müəllimin həmin 5 gün ərzində paylanmış 8 saatlıq tədris saatlarından ibarət olur. Müəllimlər Erasmus+ mübadilələrinə müraciət edərkən onlardan tələb edilir:

 

- B2 səviyyəsində dil biliyi

- CV

-Gediləcək Universitetdə tədris ediləcək fənn (lər) və mövzunun (ların) qısa icmalı (bu təklif formasında olmalıdır, çünki, tədris ediləcək fənlər və saatlar müəllim seçildikdən sonra qəbul edən universitetlə əlaqədə dəqiqləşdirilir).

 

Sərbəst mübadilə proqramı

 

Sərbəst mübadilə proqramı vasitəsilə tələbə ADNSU-nun əməkdaşlıq etdiyi universitetlərdən birində 1 semestr ərzində təhsil almaq şansına malikdir. Digər mübadilə proqramlarından fərqi isə xərclərin tələbə tərəfindən qarşılanacaq olmasıdır. Sərbəst mübadilə hər bir təhsil səviyyəsində təhsil alan şəxlərə və eyni zamanda akademik heyətə şamil edilir.

Sərbəst mübadilə çərçivəsində əməkdaşlıq edilən universitetlərin siyahısını aşağıdakı linkdən əldə edə bilərsiniz:

Sərbəst mübadilə üçün nəzərdə tutulan universitetlər

 

Mevlana mübadilə programı

 

Mevlana mübadilə proqramı tələbə və akademik heyətin Türkiyə ali məktəbləri ilə mübadiləsini həyata keçirir. Mevlana mübadilə proqramında iştirak etmək üçün tələbə ali məktəbin bakalavr, magistr və ya doktorantura pillələrində təhsil almalıdır. I kurs bakalavr pilləsində təhsil alan və hazırlıq mərhələsi keçən tələbələr birinci semestr ərzində proqramda iştirak edə bilməzlər.

 

Mevlana mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyimiz universitetlərin siyahısını aşağıdakı keçiddən əldə edə bilərsiniz:

 

Mevlana proqramı çərçivəsində əməkdaşlıqlar

 

Proqrama müraciət etmək üçün akademik transkript, müraciət forması, dil sertifikatı və tələbə biletinin surəti tələb edilir.

 

Proqrama uyğunluq göstəriciləri

 

Bakalavr pilləsinin tələbələri üçün orta qiymət göstəricisi 2,5/4 (62%), magistratura və doktorantura pillələri üçün isə orta qiymət göstəricisi ən azı 3,0/4 (75%) olmalıdır. Dəyərləndirmə zamanı, tələbələrin həm dil bacarıqları, həm də akademik göstəriciləri eyni dərəcədə nəzərə alınır.

 

Akademik heyətin mübadiləsi


Mevlana proqramı çərçivəsində akademik heyətin mübadiləsi minimum 2 həftə, maksimum 3 ay müddətinə qədər mümkündür.